Təhsil sistemi

Almaniyada bir Lisey Direktorunun hər il müəllimlərinə göndərdiyi məktub. Almaniyada bir Lisey müdiri, hər təhsil tədris ili başında müəllimlərinə bu məktubu göndərirmiş.

“Bir toplama düşərgəsindən sağ qurtulanlardan biriyəm. Gözlərim heç bir insanın görməməsi lazım olan şeyləri gördü. Yaxşı öyrədilmiş və yetişdirilmiş mühəndislərin inşa etdiyi qaz otaqları, yaxşı yetişdirilmiş həkimlərin zəhərlədiyi uşaqlar, işini yaxşı bilən tibb bacılarının vurduğu iynələrlə ölən körpələr, lisey və universitet məzunlarının vurub yandırdığı insanlar. Təhsildən bu səbəblə şübhə duyuram. Sizlərdən istəyim budur. Şagirdlərinizin insan olması üçün səy göstərin. Səyləriniz məlumatlı canavarlar və bacarıqlı psikopatlar çıxarmasın. Oxuma yazma, riyaziyyat, uşaqlarınızın daha çox insan olmasına köməkçi olsa, ancaq o zaman əhəmiyyət daşıyar. ”

Bu məktub bizim “Alim olmaq asandır, adam olmaq çətin” atalar sözümüzə bənzəyir. Mənə görə də, elm, bacarıq və bunun kimi şeylər insanlığın xeyri üçün, bizə fayda vermək üçün istifadə edilməlidir. Bir insanın çox şey bilsə belə, onu tətbiq etməməsi və bir faydasının olmaması, onun bildiklərinin mənasını sorğulamağa gətirib çıxarır. Bildiyim qədərilə, Almaniyada müəllimlər bildiklərinin və təcrübəsinin müəyyən qədər çox olması səbəbilə, tələbələrinə və ya şagirdlərinə yuxarıdan aşağı baxır. Bir insanın məyyən şeyləri bilməsi onu başqasından üstün etmir. Ona görə də, oradakı müəllimləri daha təvazökar olmağa çağırıram.

Təhsilimizin ilk pilləsindən başlayaraq bəzi şeyləri demək istəyirəm.

Uşaqlarda təhsilə, öyrənməyə, inkişafa, münasibətə, dostluğa və s.-ə münasibəti, sevgisi və ya nifrəti elə uşaq bağçasında formalaşır. Bir uşaq bağçaya getməyə nifrət edirsə, bu onun gələcəyinə də təsir göstərəcəkdir. Lakin görünən odur ki, bağça müəllimləri bizim uşaqlığımızın sevimli müəllimləri olmayıblar və olmamaqda davam edirlər. Bağçada uşağın onda olan bacarığını, potensialını üzə çıxarmağa kömək olmalıdır.

Məktəbə başladıqda isə, əsas problemlər də başlayır. İlk əvvəl onu deyim ki, dünyanı dəyişənlər fərqli düşünən insanlar olub. Lakin məktəbdə müəllimlərin dediyi, onların düşündüyü kimi olmalıdı deyə bir yazılmamış qanun var. Müəllim yanıla biləcəyini qəbul etmirsə, şagirdin bir məsələdə fərqli fikrini təhlil etməyə imkan vermirsə, onda şagirdlərimizdən təhsildə inqilab gözləməyə dəyməz. Uşaqlıqdakı o xəyal gücü, o yaradıcılıq nədənsə, məktəb vaxtı yoxa çıxır. Və məncə, təhsil sisteminin belə olması yaradıcılığı öldürür. Bəlkə də, SİSTEMƏ bu tip insanlar lazımdır deyə, belə qurulub, düşünməyən və ya sorğulamayan, deyiləni edən və veriləni qəbul edən insanlar.

Bu şəkil hər şeyi izah edir .

Universitet: təbii ki, təcrübəyə önəmin verilməməsi ilk problemlərdən biridir. Tələbə 4 il ərzində öyrənməlidir. Sonra onu unutmalıdır. Sonra onu yenidən öyrənə-öyrənə tətbiq etməlidir. Həm 4 ilin bəzən lüzumsuz olması və ya 4 ildə tətbiq edilən sistemin xətalı olması sonda işsiz kütlə yaradır. Universitetdə təhsil sistemi bizə öz yanaşmamızı müəyyən etməyi, öz fikrimizi formalaşdırmağı öyrətməlidir. Ancaq bizə bir qrup məlumatlar verilir ki, biz onu yadda saxlamalıyıq sonda isə, bizə lazım oldu, olmadı ondan cavab verməliyik. Bizim yoxlanılan qabiliyyətimiz isə, informasiyanı yadda saxlaya bilməkdir. Görək kim məlumatı yadda saxlaya bilib. Ikinci bir problem isə umumi sistemdədir. Belə ki, təhsil sistemimizdə istiqaməti imtahanların çətinləşdirilməsinə yönəldirlər. Tamam, yaxşıdır bu. Ancaq onu tələb edəcək qədər güclü təhsil verilirmi? Verdiklərini istəyirlərmi? Bunun da üzərində düşünmək lazımdır.

Hər şeydən bir az yazdım, əsas demək istədiyim: nə ediriksə edək, vicdanla edək və uğur üçün də fərqli düşünməliyik. Bunu təhsil sistemi yaratmalıdır, ancaq etmirsə, özümüz edək. Təhsil sistemi fikir yaratmalıdır, fikri öldürməməlidir.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)

Facebook Rəyləri



Kenquru İstifadəçilərinin Rəyləri